Şimali Koreya nüvə danışıqlarını bərpa edəcək

Dünya

01.08.2024 09:30

Donald Tramp ABŞ prezident seçkilərində qalib gələrsə, Şimali Koreya onun administrasiyası ilə nüvə danışıqlarını bərpa etməyi planlaşdırır. 

TodayPress, "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın yüksək rütbəli diplomatı Ri İl-Gyu danışıb. 

Onun sözlərinə görə, Şimali Koreya Rusiya, ABŞ və Yaponiya ilə münasibətləri gələcək illər üçün xarici siyasət prioritetləri kimi müəyyənləşdirib.

Ri qeyd edib ki, Şimali Koreya diplomatları sanksiyaları aradan qaldırmaq və iqtisadi yardım almaq üçün nüvə proqramı üzrə danışıqları bərpa etməyə ümid edirlər.

Onun fikrincə, Şimali Koreya lideri Kim Çen In və Tramp arasında 2019-cu ildə Vyetnamda keçirilən sammit, təcrübəsiz hərbi komandirlərə həvalə edilməsi səbəbindən uğursuz olub. İndi vəziyyət dəyişib və məsələ  Xarici İşlər Nazirliyinə tapşırılacaq.

Qeyd edək ki, iyulun 29-da Cənubi Koreya Şimali Koreyanın ABŞ seçkilərindən əvvəl nüvə silahını sınaqdan keçirə biləcəyi barədə xəbərdarlıq edib. 

Günəş Mərd

tag: Tramp, ABŞ, Çen, Şimali Koreya, Nüvə, todaypress.az,