Silva Putindən xahiş edəcək: İstanbulda danışıqlar baş tuta bilər?

Dünya

14.05.2025 11:23

10

Braziliya prezidenti Luis İnasiu Lula da Silva Rusiya prezidenti Vladimir Putinlə əlaqə qurmağa çalışacağını bildirib. O, Putindən Ukrayna ilə sülh danışıqları üçün İstanbulda keçiriləcək görüşə qatılmasını xahiş edəcəyini deyib.

TodayPress xəbər verir ki, bu barədə Fransa nəşri "Ouest-France" məlumat yayıb.

“Putinlə danışmağa çalışacağam. Mənim üçün bu çətin deyil. Deyəcəyəm: "Ey yoldaş Putin, Allah xatirinə, İstanbulda keçiriləcək danışıqlara qatılın” deyə Lula da Silva vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 11-də çıxışı zamanı Ukrayna tərəfinə 2022-ci ilin yazında dayandırılan birbaşa danışıqları bərpa etməyi təklif edib. Onun sözlərinə görə, həmin vaxt Kiyev nümayəndə heyəti razılaşdırılmış sənədi qəbul etməyərək danışıqlardan çəkilmişdi. Rusiya tərəfi bunun Qərbin təzyiqləri ilə baş verdiyini iddia edir.

Rusiyanın bu təklifinə cavab olaraq, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, 15 may tarixində atəşkəs elan olunacağı təqdirdə, özü şəxsən İstanbulda Putini gözləyəcək. Zelenski qeyd edib ki, tam və uzunmüddətli hərbi əməliyyatların dayandırılması diplomatik danışıqlar üçün əsas şərtdir.

Kremlin mətbuat katibi Dmitri Peskov isə mayın 13-də açıqlama verərək bildirib ki, Rusiya nümayəndə heyəti 15 mayda İstanbula gedəcək və Ukrayna tərəfini gözləyəcək. Peskov danışıqlarda iştirak edəcək şəxslərin adlarını açıqlamayıb və bunun yalnız prezidentin göstərişindən sonra mümkün olacağını bildirib.

Töhfə Səməd

tag: Braziliya ,Luis İnasiu Lula da Silva,Rusiya ,Vladimir Putin,todaypress.az,