Rusiya qırıcısı Estoniyanın hava məkanını pozdu
Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcının ölkəsinin hava məkanını pozduğunu bəyan edib.
TodayPress xəbər verir ki, nazir bu barədə NATO xarici işlər nazirlərinin Antalyada keçirilən toplantısına gəlişi zamanı jurnalistlərə məlumat verib.
"Bir neçə gün əvvəl bayraqsız və sığortasız hərəkət edən "kölgə donanması"na aid "Jaguar" adlı tanker Estoniyanın xüsusi iqtisadi zonasına daxil olub. Biz buna cavab olaraq, gəmini müşayiət etmək üçün qüvvələrimizi cəlb etdik. Rusiya isə vəziyyəti qiymətləndirmək üçün qırıcı təyyarə göndərib. Həmin təyyarə bir dəqiqədən az müddətdə NATO hava məkanında qanunsuz olaraq uçub. NATO-ya məxsus qırıcılar da havaya qalxaraq, rus təyyarəsini nəzarətdə saxlayıb" deyə Tsaxna bildirib.
Nazir daha əvvəl “X” sosial şəbəkəsində paylaşım edərək, insidentlə bağlı Rusiya Federasiyasının Estoniyadakı müvəqqəti işlər vəkilinin ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlamışdı.
Məlumata görə, mayın 13-də Estoniya Hərbi Dəniz Qüvvələri və NATO aviasiyası Qabon bayrağı altında üzən, lakin Rusiya ilə əlaqələndirilən "Jaguar" gəmisini neytral sulardan çıxararaq nəzarət altına almağa çalışıb. Estoniya gəmiyə zorla müdaxilə ilə hədələyib, ekipajda dörd rusiyalının olduğu bildirilir. Lakin gəmi Tallinin tələblərinə məhəl qoymayaraq, kursunu davam etdirərək Rusiya Federasiyasının Primorsk limanına istiqamətlənib.
Töhfə Səməd
tag: Estoniya,XİN,Marqus Tsaxna,Rusiya,Qırıcı,todaypress.az,