Rusiya freqatının heyəti ac və susuz qala bilər
Dünya
25.07.2024 12:40
Fransa və İspaniyanın dövlət qurumları Rusiyanın “Ştandart” yelkənli gəmisinə (freqat) limanlarına yan almağa icazə vermirlər. Əsas səbəb kimi bu ilin 24 iyununda Rusiyaya qarşı tətbiq edilən sayca 14-cü sanksiya paketi göstərilir. Həmin sənəddə Rusiyanın tarixi gəmilərinin oxşarlarına da qadağaların şamil olunduğu qeyd olunub. Məsələyə Rusiyanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsiz qalıb.
Freqatın kapitanı Vladimir Martusun sözlərinə görə, gəmidə qida və su ehtiyatları tükənmək üzrədir. Vəziyyətin getdikcə pisləşdiyini deyən kapitan 2-3 gündən sonra onlara qida və su ehtiyaclarını təmin etmək üçün mütləq kənardan kömək lazım olacağını bildirib.
Hazırda gəmi İspan sahillərinin yaxınlığında lövbərdə dayanmaq məcburiyyətindədir. Üç maçtalı yelkən gəmisinin 15 nəfərlik heyət üzvü arasında 8 millətin, eləcə də fransızların nümayəndəsi var. Gəmidə həmçinin 3 yeniyetmə uşaq da var.
Bundan öncə “Ştandart“ı Fransada keçirilən dəniz festivalına da buraxmayıblar.
Qeyd edək ki, ağacdan hazırlanan “Ştandart” freqatı 1703-cü ildə Rusiya imperatoru 1-ci Pyotra məxsus gəminin oxşarıdır. Tikintisinə 1992-ci ildə başlanılan freqat 1999-cu ildə suya buraxılıb.
tag: Freqat, Rusiya, Martsun, Gəmi, Ştandart, todaypress.az,