Reuters: “G7 Suriyada keçid prosesini dəstəkləməyə hazırdır”
Dünya
12.12.2024 19:30
Yeddilik Qrup (G7) Suriyada inklüziv, dünyəvi hökumətin qurulmasına gətirib çıxaracaq keçid prosesini dəstəkləməyə hazırdır.
TodayPress, “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu ölkələrin qeyri-rəsmi klubunun yaydığı bəyanatda deyilir.
"Biz bütün tərəfləri Suriyanın ərazi bütövlüyünü və milli birliyini qorumağa, onun müstəqilliyinə və suverenliyinə hörmət etməyə çağırırıq" deyə G7 liderləri qeyd ediblər.
Həmçinin onlar, Suriyanın əvvəlki rəhbərliyinin cinayətləri ilə bağlı məlumatların araşdırılmasını və ölkənin kimyəvi silahlarının məhv edilməsi prosesinin başa çatdırılmasını istəyiblər.
Bununla yanaşı, G7, terrorizmi və onun bütün formalarında zorakı ekstremizmini pisləyib.
“Ümid edirik ki, Suriyanın idarə olunmasında rol oynamağa çalışan hər kəs suriyalıların hüquqlarına sadiqliyini nümayiş etdirəcək, dövlət institutlarının dağılmasının qarşısını alacaq, ölkənin yenidən qurulması, onun adının yaxşı formada bərpası, ölkəni tərk etmək məcburiyyətində qalanların hamısının Suriyaya könüllü qayıtmasını təmin edəcək” deyə bəyanatda deyilir.
Töhfə Səməd
tag: G7,Suriya,Yeddilik Qrup,ABŞ,Terrorizm,todaypress.az,