Qrenlandiya sunamisi bütün dünyada seysmik təkanlara səbəb oldu

Dünya

02.11.2024 16:50

1293

“NASA” və Fransa “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES) tərəfindən təşkil edilən beynəlxalq Yerüstü Su və Okean Topoqrafiyası (SWOT) peyk missiyası 2023-cü ilin sentyabrında Qrenlandiyada Dikson Fiyordunu vuran sunamini qeydə alıb. 

TodayPress xəbər verir ki, bu barədə “Phys.org” məlumat verib.

Sunami doqquz gün ərzində bütün dünyaya yayılan seysmik təkanlara səbəb olan böyük sürüşmə nəticəsində baş verib. “SWOT” peykindən istifadə edərək elm adamları fiyorddakı suyun səviyyəsinin dəyişməsinin şəkillərini əldə ediblər. Belə ki, fiyordun şimal tərəfindəki səviyyələr cənub tərəfdəkindən 1,2 metr dərəcə yüksək olub.

Sunamini qeyd etmək üçün “SWOT” peyki, qapalı su hövzələri də daxil olmaqla, Yerin bütün səthində suyun səviyyəsini yüksək dəqiqliklə ölçməyə imkan verən “Ka” diapazonlu radar interferometrindən (KaRIn) istifadə edib. 

Tədqiq olunan məlumatlar göstərdi ki, təxminən 25 milyon kubmetr qaya və buz Dikson Fiyorduna düşərək sunamiyə səbəb olub. Qrenlandiyanın şərq sahilində yerləşən Dikson Fiyordunun dərinliyi 540 metr, eni isə 2,7 kilometrdir, divarlarının hündürlüyü 1830 metrə qədər yüksələrək dalğaların yayılması üçün qapalı mühit yaradır.

Belə məhdud şəraitdə sunami hərəkətinin enerjisi açıq okeanda dağıla bilmədiyinə görə də dalğa 9 gün ərzində hər 90 saniyədən bir Fiyordun divarları arasında əks olunub. Bu hərəkətlər seysmik alətlər tərəfindən xeyli məsafədə qeydə alınıb ki, bu da tədqiqatçılara yeraltı təkanların mənbəyini izləməyə imkan verib.

Alimlər qeyd edirlər ki, “SWOT” təbii fəlakətlərə hazırlaşmaqda kömək edəcək potensiala sahibdir. Onun radar aləti adi okean hündürlükölçənlərinin belə təfərrüatlı ölçmələr apara bilmədiyi fiyordlar kimi dar məkanları izləmək üçün kifayət qədər dəqiqdir.

Töhfə Səməd

tag: NASA,Milli Kosmik Tədqiqatlar Mərkəzi, Fransa,Sunami, todaypress.az,