Qonzalesin tutulmasına görə mükafat veriləcək
Dünya
03.01.2025 09:47
Venesuela Elmi, Cinayət və Kriminalistik Araşdırmalar Assosiasiyası (CICPC) İspaniyaya sığınan müxalifət lideri Edmundo Qonzalesin saxlanmasına kömək edəcək şəxslərə 100 min dollar mükafat veriləcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
CICPC bildirib ki, “Qonzales respublikaya qarşı zorakılıq aktlarını dəstəkləmək, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, sənədləri saxtalaşdırmaq, çirkli pulların yuyulması, dövlət qurumlarına məhəl qoymamaq, qanuna tabe olmamaq və cinayət təşkilatı yaratmaq ittihamı ilə axtarışa verilib”.
Eyni zamanda mətbuatda Qonzalesin Argentinaya gedəcəyi və orada prezident Xavyer Miley tərəfindən qəbul ediləcəyi barədə məlumat tirajlanıb.
Müxalif siyasətçi Qonzales “Argentinaya sığınacağı” iddialarına hələlik rəsmi cavab verməyib.
Qonzales daha əvvəl mediaya verdiyi bir neçə açıqlamada Venesuelaya gəlmək və 10 yanvar 2025-ci ildə prezident kimi and içmək istədiyini açıqlamışdı.
Venesuelanın daxili işlər və ədliyyə naziri Diosdado Kabello 29 noyabr 2024-cü il tarixli açıqlamasında Qonzalesin Venesuelaya ayaq basdığı andan etibarən nəzarətə alınacağını bildirərək, “Onun ölkəyə gəlməsi ehtimalı belə yoxdur" deyə bildirmişdi.
Qeyd edək ki, ötən il iyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində qalib gələn Nikolas Maduronun 10 yanvar 2025-ci ildə Milli Assambleya (AN) qarşısında and içəcəyi gözlənilir.
Günəş Mərd
tag: Qonzales ,Venesuela, Mediya, Milli, todaypress.az,