Qırğızıstanda ilk dəfə ekoloji təmiz şəhər inşa olunacaq

Dünya

29.01.2025 18:50

Qırğızıstanda Kemin-Siti adlı ilk ekoloji təmiz şəhərin inşa edilməsi planlaşdırılır.

TodayPress xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Sadır Japarov imzalayıb.

Ekoloji cəhətdən təmiz şəhər 353,3 hektar ərazini əhatə edəcək. Nazirlər Kabinetinə 2025-ci il iyunun 1-dək Kemin-Siti şəhərinin tikintisi konsepsiyasını işləyib hazırlamaq və təsdiq etmək tapşırılıb.

Fərmanda qeyd olunur ki, şəhərin tikintisinin müstəsna sifarişçisi Kəmin rayon dövlət administrasiyası müəyyən edilib. 

Nazirlər Kabineti yanında Memarlıq, Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Dövlət Agentliyinə ilkin tədqiqatların, o cümlədən mühəndis-geoloji və topoqrafik tədqiqatların aparılması tapşırılıb. Bundan əlavə, Kəmin şəhərinin baş planını hazırlayıb Nazirlər Kabinetinə təsdiq üçün təqdim etmək tapşırılıb. Agentlik həmçinin yeni şəhərin içməli su və tullantı su sistemləri ilə təmin olunması üçün Su Təsərrüfatları, Kənd Təsərrüfatı və Qida Emalı Nazirliyi ilə birgə işləyəcək.

Layihənin həyata keçirilməsinin rayonun iqtisadi inkişafına şərait yaradacağı və sosial sabitlik səviyyəsini yüksəldəcəyi gözlənilir.

Töhfə Səməd 

tag: Qırğızıstan,Kemin-Siti,Ekoloji,Layihə,Ətraf mühit,todaypress.az,