Qətər Avropaya LNG tədarükünü dayandıracaq

Dünya

22.12.2024 14:59

Qətərin energetika naziri və milli neft-qaz şirkəti "Qatar Energy"nin baş direktoru Saad bin Şərid əl-Kaabi, ölkələrin iri şirkətlərə qarşı cərimələr tətbiq edəcəyi təqdirdə ölkənin Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü dayandıracağına söz verib.

TodayPress xəbər verir ki, Əl-Kaabi bu barədə Britaniyanın "Financial Times" (FT) nəşrinə müsahibəsində bildirib. 

Söhbət korporativ davamlılığın lazımi müayinəsi (CSDD) üzrə Direktivin müddəalarına əməl edilməməsinə görə cəzadan gedir. Direktivə əsasən, şirkətlər karbon emissiyalarını və insan hüquqları meyarlarını pozduqları təqdirdə illik gəlirin beş faizi qədər cərimə ödəməlidirlər. Bu tədbirlər 2027-ci ildən qüvvəyə minəcək və Aİ-nin 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq siyasətinin bir hissəsidir. 

“Avropaya getməklə gəlirimin 5 faizini itirəcəyəmsə, ora getməyəcəyəm. Mən blef etmirəm” deyə Əl-Kaabi bildirib. Onun sözlərinə görə, şirkətin gəlirinin beş faizi Qətər dövlətinin gəlirinin beş faizini təşkil edir.

Əl-Kaabi vurğulayıb ki, kriteriyalara uyğun gəlmədiyinə görə cərimələr tətbiq olunarsa, Qətər Aİ-yə qaz tədarükünü dayandıracaq.

O qeyd edib ki, "Qatar Energy" LNG tədarükü ilə bağlı mövcud müqavilələri pozmayacaq və böyük cərimələrlə üzləşsə, problemin hüquqi həllini nəzərdən keçirəcək.

Günəş Mərd 

tag: Qətər,Aİ,Tədarük,Qaz,Todaypress.az,