Putin Ukraynanı sülhə dəvət etdi

Dünya

04.07.2024 17:30

Rusiya prezidenti Vladimir Putin bildirib ki, 2022-ci il İstanbul razılaşmaları Ukrayna ilə sülh danışıqları üçün təməl rolunu oynaya bilər.

TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı liderlərinin sammitində çıxış edən Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərinə görə təşəkkür edib.

"İstanbul müqavilələrinə görə, bu işdə vasitəçi kimi iştirak edən Türkiyə Respublikasının prezidenti cənab Ərdoğana təşəkkür edirəm. Bu müqavilələr ləğv edilməyib, Ukrayna ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəri tərəfindən təsdiqlənib. Bu o deməkdir ki, görünür, onlar Ukrayna üçün kifayət qədər qaneedici idi. İstanbul razılaşmaları hazırda “masa üzərində”dir və bu danışıqların davam etdirilməsi üçün zəmin rolunu oynaya bilər” deyə Putin bildirib. 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqlar 2022-ci ilin martında Türkiyənin İstanbul şəhərində baş tutub. Nəticədə tərəflər Ukrayna üçün Daimi Bitərəflik və Təhlükəsizlik Zəmanətləri haqqında Müqavilə layihəsini hazırlayıb və ilkin olaraq imzalayıblar. Daha sonra Kiyev bu sənəddən rəsmən imtina edib.

Töhfə Səmədova

tag: Putin, Ukrayna, Qazaxıstan, Astana, Rusiya, Türkiyə, todaypress.az,