Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir
Dünya
03.12.2024 03:23
Xəzər dənizi artıq, demək olar, qurumuş Aral dənizinin taleyini təkrarlamamalıdır.
TodayPress Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin gənc alimlərin konqresi iştirakçıları ilə görüşdə bildirib.
“Biz heç bir halda Aral dənizi ilə baş verənlərə yol
verməməliyik. Orada hər tərəf duzdur, yalnız gölməçələr qalıb... Bilmirəm,
hətta səylərimizi birləşdirsək belə, nəsə edə bilərik ya yox, çünki təbiət
qüvvətli sistemdir. Lakin buna baxmayaraq, bizdən asılı olan hər şeyi
etməliyik” Putin deyib.
Rusiya lideri əlavə edib ki, bu ölkələrə səfərləri zamanı
Xəzərin dayazlaşması problemini Azərbaycan Prezidenti İlham Əliyev və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə müzakirə edib və Azərbaycan lideri
ilə bu istiqamətdə birgə iş barədə razılığa gəlib.
Dövlət başçısının sözlərinə görə, o artıq Rusiya
hökumətinə müvafiq fəaliyyət proqramı hazırlamaq tapşırığı verib.
Xatırladaq ki, daha əvvəl Rusiya Hərbi Dəniz Donanmasının
komandanı, admiral Aleksandr Moiseyev Xəzər Donanmasının yeni gəmilər və silah
sistemləri ilə təchiz edilməyə davam edəcəyini, həmçinin Rusiyanın dəniz
sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün aviasiya və sahil
komponentlərini inkişaf etdirəcəyini açıqlamışdı.
Bir sıra ekspertlər Rusiyanın hərəkətlərindən
narahatlıqlarını ifadə edirlər və bunun 2018-ci il Xəzər dənizinin hüquqi
statusu haqqında Konvensiyanın pozulması ola biləcəyini göstərirlər. İran
istisna olmaqla bütün sahilyanı ölkələr tərəfindən ratifikasiya edilmiş bu
sənəd dənizdən yalnız sülh məqsədləri üçün istifadə prinsipini təsbit edir,
lakin akvatoriyada demilitarizasiya haqqında müddəalar ehtiva etmir.
Bakıda COP29 çərçivəsində Xəzər dənizinin səviyyəsinin
azalması ilə əlaqədar əməkdaşlığın gücləndirilməsinə dair Bəyannamə qəbul
edilib.
tag: Putin, Xəzər, Ruisya, COP29, Konvensiya, todaypress.az,