Prezident razılıq verdi: Çexlər Ukraynada döyüşə qatılacaqlar
Dünya
02.11.2024 18:30
Çex Respublikasının prezidenti Petr Pavel 60 vətəndaşın Ukrayna Silahlı Qüvvələrinə qoşulmasına icazə verib.
TodayPress xəbər verir ki, bu barədə “Çeský rozhlas” dövlət başçısının mətbuat katibi Filip Platosa istinadən məlumat yayıb.
Çexiya qanunvericiliyi respublika vətəndaşlarının dövlət başçısının icazəsi olmadan hərbi və ya hərbiləşdirilmiş xarici birləşmələrdə iştirakını istisna edir. 180-dən çox ölkə vətəndaşı Çexiya prezidentinə Ukrayna ordusuna qoşulmaq üçün icazə istəyən ərizələr göndərib. Lakin nə qədər müraciətin rədd edildiyi barədə məlumat verilmir.
Bundan əvvəl Çexiyanın baş naziri Petr Fiala bildirmişdi ki, Çexiya bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinə yarım milyon döyüş sursatı verəcək. O, Praqanın Kiyevə silah tədarükünü davam etdirəcəyini vurğulayıb. Onun sözlərinə görə, Çexiyanın təklif etdiyi təşəbbüsdə Niderland və Danimarka xüsusi rol oynayıb.
Töhfə Səməd
tag: Çex, Praqa, Ukrayna, Kiyev, Silah, todaypress.az,