Paris 2024 Olimpiadası: Aysberqin görünməyən tərəfi
Dünya
15.07.2024 18:10
Fransa iyulun 26-da Parisdə baş tutacaq 2024-cü il Olimpiadası ərəfəsində narahatlıq və mübahisələrlə mübarizə aparır.
TodayPress xəbər verir ki, “Al-Jazeera” telekanalı iştirakçıların ən çox qarşılaşdığı problemləri araşdırıb.
Ev sahibi ölkə öz idmançılarına oyunlarda iştirak edərkən hicab və ona bənzər geyimlərdən istifadə etməyi qadağan edib. Bildirilib ki, bu qərar dünyəvilik prinsiplərinə hörmət etmək və neytrallığı təmin etmək üçün qəbul edilib. Bu addım Parisdə geniş tənqid və etirazlarla qarşılanıb. Çünki Avropanın ən böyük müsəlman azlıqlarından birinə ev sahibliyi etməsinə baxmayaraq, Fransa hicablı idmançıların əksər yerli idman yarışlarında iştirak etməsinə imkan verməyən yeganə ölkədir. Bununla belə, Beynəlxalq Olimpiya Komitəsi atletlərə məxsus olan yerdə idmançıların hicab geyinməkdə sərbəst olacağını bildirib.
Digər bir tərəfdən vətəndaşlar komitəyə müxtəlif şikayətlər ünvanlayaraq İsrailin yarışlara qatılmasına qadağa qoyulmasını tələb edib. İsrail tərəfi isə hələ də oyunlarda iştirak edib-etməyəcəkləri ilə bağlı açıqlama verməyib. Həmçinin Rusiya və Belarus idmançılarına qarşı da eyni tələb xalq tərəfindən irəli sürülüb.
Bundan başqa,Olimpiya Oyunları kimi iri miqyaslı yarışlarda işçi qüvvəsinə olduqca çox ehtiyac duyulur. Fransanın milli tibbi sığorta sisteminin hesabatına görə, ölkə Avropada dördüncü ən ölümcül dövlətdir. Statistikaya əsasən, 2022-ci ildə ölkə ərazisində 560,000-dən çox iş yerində qəza hadisəsi qeydə alınıb ki, bu Avropa Birliyinə üzv olan digər dövlətlərlə müqayisədə olduqca yüksək göstəricidir.
Xatırladaq ki, “SOLIDEO” firmasının direktoru Nikolas Ferrandın sözlərinə görə, Olimpiada ilə bağlı tikinti layihələrində ən azı 181 iş yerində qəza, o cümlədən 31 ağır qəza baş verib.
Töhfə Səməd
tag: Paris 2024,Nikolas Ferrand, Rusiya, Belarus,Fransa, todaypress.az,