Papuaşvili: “Zurabişvili vətəni Fransaya qayıdacaq”

Dünya

09.01.2025 12:30

“Saakaşvili yalnız Gürcüstana sədaqət andı içsə də, sonradan Ukrayna vətəndaşı oldu. Zurabişvili də çox güman ki, vətəni Fransaya qayıdacaq”.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. 

Onun sözlərinə görə, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin aldığı Makkeyn İnstitutunun təqaüdü bir daha sübut edir ki, o, vaxtilə Tafts Universitetindən oxşar təklif almış məhkum sabiq prezident Mixail Saakaşvili kimi, heç vaxt ölkəyə xidmət etməyib:   

“İndi bizim soydaşlarımıza aydın oldu ki, əvvəldən dediyimiz kimi, onların heç biri Gürcüstana xidmət etməyib və hər ikisi onları işə götürən təşkilatlara qayıdıb”.   

Qeyd edək ki, Arizona Dövlət Universitetindəki Makkeyn İnstitutunun təqaüdü demokratiya, insan haqları və milli təhlükəsizliyin təşviqinə həsr olunub. O, liderlik proqramlarını həyata keçirir, insan alverinə qarşı mübarizə aparır və beynəlxalq siyasət strategiyaları hazırlayır. İnstitut 2018-ci ildə 81 yaşında vəfat etmiş senator Con Makkeynin adını daşıyır. Senator Amerikanın ən nüfuzlu siyasətçilərindən biri hesab olunurdu. 

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatıb.

Günəş Mərd

tag: Papauaşvili, Salome ,Prezident ,Arizona, todaypress.az,