Papanın ölüm elanı: Başına çəkiclə vurulur, dumanla xəbər göndərilir - ARAŞDIRMA

Dünya

21.04.2025 12:28

9

Roma Papasının vəfatı Katolik dünyası üçün dərin kədər mənbəyi olmaqla yanaşı, qədim mərasimlər və dini protokollarla müşayiət olunan rəsmi bir prosesə çevrilir.   

TodayPress xəbər verir ki, Papanın ölümü təsdiqləndikdən sonra Katolik Kilsəsində "Sede Vacante" dövrü - yəni "boş taxt" mərhələsi başlayır. 

Ənənəyə görə, Papanın vəfatını rəsmi şəkildə Kamerlengo adlı vəzifəli şəxs elan edir.

Tarixi qeydlərə əsasən, keçmişdə proses zamanı Papa adla çağırılır, cavab gəlmədikdə isə onun alnına simvolik olaraq gümüş çəkic ilə yüngülcə vurulurdu. Lakin bu ənənə artıq ləğv edilib.

Müasir dövrdə Papanın ölümü tibbi yolla təsdiqlənir və dini rituallar sadələşdirilmiş formada icra olunur. 

Papa vəfat etdikdən sonra cənazəsi Müqəddəs Pyotr Bazilikasına gətirilir və bir neçə gün xalqın vida etməsi üçün açıq saxlanılır.

Ardınca isə dəfn mərasimi keçirilir. Mərasimdə on minlərlə insan, o cümlədən dünya liderləri iştirak edir.

Papanın cənazəsi Müqəddəs Pyotr Bazilikasının altındakı Papalar məzarlığında torpağa tapşırılır.  Yeni Papa seçilənə qədər kilsə Kardinallar Kollegiyası tərəfindən idarə olunur. Seçkilər isə məşhur konklav mərasimi ilə həyata keçirilir. 

Roma Papası Fransiskin vəfatından sonra dünyanın gözü yenidən Vatikanın qədim seçki mərasimi – Konklava çevrilib. Yeni pontifik, yalnız katolik kilsəsinin kardinal rütbəli üzvləri tərəfindən seçilə bilər və bu proses dəqiq qaydalara əsaslanır. 

Papa vəfat etdikdən sonra əvvəlcə Kamarlengo onun ölümünü rəsmi olaraq təsdiqləyir. Daha sonra Papanın üzüyü məhv edilir, bu da onun səlahiyyətlərinin başa çatdığını bildirir. Vatikan 9 günlük matəm mərasimləri keçirir. 

Ardınca isə yeni Papa seçimi üçün Konklav – yəni gizli toplantı təşkil olunur. 80 yaşdan kiçik olan kardinal-biskuplar Roma şəhərində yerləşən Sikstin Kapellasına toplaşır. Seçim müddətində onlar xarici dünya ilə təmasdan tamamilə təcrid olunurlar. 

Səsvermə gizli şəkildə aparılır və gündə iki dəfə baş tutur. Seçim sona çatdıqdan sonra nəticələr duman siqnalı ilə ictimaiyyətə elan edilir: Qara tüstü – seçim baş tutmayıb, ağ tüstü – yeni Papa seçilib. 

Yeni seçilən Papa dərhal adını elan edir və bir qədər sonra Müqəddəs Pyotr Meydanında xalqa təqdim olunur. 

Fransiskin vəfatından sonra bu dəfə də yeni Papa seçiminin bir neçə gün ərzində baş tutacağı gözlənilir. 

Qeyd edək ki, aprelin 21-i Roma Papası Fransisk 88 yaşında vəfat edib. 

Türkan İsgəndərli

tag: Roma,Papa,Ölüm,Elan,Seçki,Todaypress.az,