Pakistanın maliyyə bazarlarında sabitlik hökm sürür

Dünya

07.05.2025 13:41

10

Hindistanın Pakistan ərazisinə zərbələr endirməsindən sonra yaranmış gərginlik fonunda Pakistanın beynəlxalq maliyyə bazarlarındakı vəziyyəti qismən sabitləşib.

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ölkənin beynəlxalq istiqrazları mayın 7-də dəyər qazanıb, səhm indeksi isə ilkin kəskin enişdən sonra bir qədər yüksəlməyə başlayıb.

Hələ də kövrək iqtisadi vəziyyətdə olan Pakistan 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) ilə əldə etdiyi 7 milyard dollarlıq kredit proqramı çərçivəsində maliyyə sabitliyini bərpa etməyə çalışır.

Ticarət platforması "Tradeweb"in məlumatına görə, Pakistanın beynəlxalq istiqrazları birjada 0,6 sentədək bahalaşıb. Bu, günün əvvəlində qeydə alınan 1 sentdən çox itkinin qismən bərpası deməkdir. Xüsusilə 2027-ci ilə qədər olan istiqrazlar ən böyük artımı göstərib və hər dollar üçün 90 sentə yaxın dəyərdə ticarət edilib.

Ölkənin əsas səhm indeksi günə 5,78% azalma ilə başlasa da, daha sonra bu itkiləri qismən bərpa edərək 1,4% enişlə ticarəti davam etdirib.

Dubayda yerləşən "Tellimer" şirkətinin analitiki Həsnəin Malik bildirib ki, Pakistanın iqtisadiyyatı xarici kapital axınından çox asılıdır. Bu, onun aktiv qiymətlərini Hindistanla müqayisədə daha həssas edir. Malik əlavə edib ki, Pakistanın hazırda idxalı örtmək üçün cəmi 3 ay, Hindistanın isə 9 ay kifayət qədər ehtiyatı var.

Qeyd edək ki, Hindistan bu addımı apreldə turistlərin öldürülməsi ilə əlaqələndirərək, "terror düşərgələrinə qarşı cavab zərbəsi" kimi təqdim edib. Pakistan isə hücumları təxribat kimi qiymətləndirib.

Töhfə Səməd

tag: Hindistan,Pakistan,İstiqraz,Maliyyə,todaypress.az,