Pakistan Hindistanla nüvə müharibəsinin bir addımlığında...
"Pakistan və Hindistan arasında münaqişə nüvə qarşıdurmasına çevrilə bilər".
TodayPress xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif "Əl-Cəzirə" telekanalına danışarkən deyib.
"Dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir. Hər iki ölkə nüvə dövlətidir" nazir əlavə edib.
Xatırladaq ki, aprelin 22-də silahlı şəxslər məşhur turistik Pahalqam şəhərində terror aktı törədiblər. 25 Hindistan vətəndaşı və 1 nepallı şəxs həlak olub, onlarla insan yaralanıb.
"The Hindustan Times" mənbələrə istinadən xəbər verir ki, Hindistanın kəşfiyyat agentlikləri Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin Pahalqamda “Ləşkər-e-Taibə” terrorçularının hücumunda iştirakına dair sübutlar tapıblar. Hücumçular hələ də ələ keçirilməyib. Axtarışlar davam edir.
Hindistan hakimiyyəti İslamabaddakı səfirliyindəki insanların sayını demək olar ki, iki dəfə azaldıb, Pakistan diplomatik missiyasının hərbi məsləhətçilərini “persona-non-grata” elan edib və sərhəddəki əsas Attari keçid məntəqəsini bağlayıb. Hindistan hakimiyyəti həmçinin İslamabadla su ehtiyatlarının bölüşdürülməsi və Pakistan vətəndaşlarına vizaların verilməsinə dair razılaşmanı dayandırıb.
Bundan əlavə, Pakistan Hindistana hava məkanını, Vagah keçid məntəqəsini bağlayıb və Hindistanın müdafiə, dəniz və hava qüvvələri üzrə müşavirlərini “persona-non-grata” elan edib.
Töhfə Səməd
tag: Pakistan,Hindistan,Nüvə,Müharibə,todaypress.az,