Özbəkistanın hakim partiyası seçkilərdə səs çoxluğu qazandı

Dünya

28.10.2024 12:00

Oktyabrın 27-də keçirilən parlament seçkilərində səsvermənin nəticələrinə görə 5 partiyanın hamısı Özbəkistan parlamentinə daxil ola bilib və ən çox səsi hakim Özbəkistan Liberal Demokrat Partiyası əldə edib. 

TodayPress xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev brifinqdə məlumat verib.

“Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası - 34,75% səs, Özbəkistanın "Milliy tiklaniş" (Milli Dirçəliş) Demokratik Partiyası 18,82%, Özbəkistan Sosial Demokrat Partiyası "Adolat” (Ədalət) 16,2%, Özbəkistan Xalq Demokratik Partiyası - 13,12%, Özbəkistan Ekoloji Partiyası 13%" səs toplayıb” deyə o, bildirib.

Daha sonra Zayniddin Nizamxocayev, majoritar sistemlə verilən səslərin hesablanmasının nəticələrini açıqlayıb. O, diqqətə çatdırıb ki, Özbəkistan Liberal Demokrat Partiyası 42,7% səs və parlamentdə 64 mandat alıb.

Qeyd edək ki, Özbəkistanda ilk dəfədir ki, seçkilər majoritar və proporsional sistemlə keçirilib. Özbəkistan müvafiq sistemə ötən il ölkə başçısı Şavkat Mirziyoyevin imzaladığı konstitusiya qanunu əsasında keçib. 

Töhfə Səməd

tag: Özbəkistan, Liberal, Partiya, Sistem, Şavkat Mirziyoyev, todaypress.az,