Netanyahu: "Bizi heç nə dayandıra bilməz"
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsraili heç nə dayandıra bilməz və yəhudi dövləti qələbəyə qədər irəliləməyə davam edəcək.
TodayPress xəbər verir ki, İsrail Nazirlər Kabinetinin rəhbərinin müvafiq bəyanatı ilə video onun ofisi tərəfindən yayılıb.
"Əvvəlcə dediyim kimi, biz İsrailin varlığı üçün müharibə aparırıq. Biz sona qədər irəliləməyə davam edəcəyik. Bizi heç nə dayandıra bilməz" deyə o, bildirib.
İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin müşaviri Dmitri Gendelman “TASS”a bildirib ki, daha əvvəl Netanyahunun Qeysəriyyədəki evinə pilotsuz uçuş aparatı ilə hücuma cəhd edilib. O, qeyd edib ki, insident zamanı heç bir itki olmayıb. Baş nazirin özü ilə həyat yoldaşı isə evdə olmayıb.
Eyni zamanda İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Livandan İsrail ərazisinə üç pilotsuz uçuş aparatının buraxıldığını, onlardan ikisinin ələ keçirildiyini, digərinin isə Qeysəriyyə bölgəsində binaya çırpıldığını bildirib.
Bundan başqa, “N12” telekanalı İsrailin yüksək rütbəli hökumət rəsmisinə istinadən məlumat verib ki, Qeysəriyyədə yəhudi dövlətinin Baş nazirinin evinə pilotsuz təyyarənin buraxılması İran tərəfindən İsrail Nazirlər Kabinetinin rəhbərini öldürmək cəhdidir.
Töhfə Səməd
tag: Baş Nazir, Livan,İsrail, Netenyahu, Qeysəriyyə, todaypress.az,