NASA Marsdan torpağı çatdırmaq üçün özəl şirkətlərlə işləyəcək
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi ( NASA ) Marsdan torpaq nümunələrinin geri gətirilməsi layihəsi üzərində "SpaceX" və "Blue Origin" kimi özəl şirkətlərlə əməkdaşlıq etməyi düşünür.
TodayPress xəbər verir ki, bu barədə Amerika Kosmik Agentliyinin rəhbəri Bill Nelson bildirib.
Nelson qeyd edib ki, NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə layihəsi olan "Perseverance rover" tərəfindən toplanmış Mars qaya nümunələrinin geri qaytarılmasının 2040-cı illərə qədər mümkün olması gözlənilməyib və bunun üçün ən azı 11 milyard dollar xərc tələb olunub.
Bu, NASA-nı nümunələri Yerə çatdırmaq üçün alternativ variantlar axtarmağa sövq edib.
Seçimlərdən biri, əvvəllər bir neçə missiyada sübut edilmiş “səma kranı” texnologiyasından istifadə etməkdir. Bu, kiçik NASA eniş aparatını daşıyacaq ESA kosmik gəmisinin Mars orbitinə göndərilməsini nəzərdə tutur.
Eniş aparatı planetin səthindən qaya nümunələrini toplayacaq və onları Yerə qaytaracaq ESA kosmik gəmisi ilə birləşmək üçün orbitə qayıdacaq. Belə bir layihənin dəyəri 6,6-7,7 milyard dollar qiymətləndirilir.
İkinci variant, torpaq nümunələrini ESA kosmik gəmisinə çatdırmaq üçün ağır eniş aparatının hazırlanmasına özəl şirkətlərin cəlb edilməsidir. Belə bir layihənin dəyəri 5,8-7,1 milyard dollar təşkil edəcək. Nelson "SpaceX" və "Blue Origin"in bu layihənin həyata keçirilməsində maraqlı olduğunu vurğulasa da, digər şirkətlərin də iştirakını istisna etməyib.
Qeyd edək, NASA 2035-2039-cu illər arasında Mars süxurlarının nümunələrini Yerə gətirməyi gözləyir. Bununla bağlı yekun qərar çox güman ki, 2026-cı ildə veriləcək.
Günəş Mərd
tag: NASA ,Kosmik, Gəmi ,Şirkət ,todaypress.az,