Moldovada prezident seçkiləri və referendum keçirilir

Dünya

20.10.2024 09:21

1880

Moldovada prezident seçkilərinə səsvermə Avropa İttifaqına daxil olmaq haqqında referendumla eyni vaxtda başlayıb.

TodayPress xəbər verir ki, ölkədə 1 987 seçki məntəqəsi açılıb. Bu il prezident postu uğrunda 11 namizəd mübarizə aparır.

İctimai rəy sorğularının nəticələri hazırkı Prezident Maya Sandunu seçki yarışının favoriti kimi göstərir. Onun əsas rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoqlodur.

Səsvermədə həmçinin Moldova Konstitusiyasına Avropa kursunun dönməzliyi ilə bağlı müddəaların əlavə edilməsi məsələsi də qoyulub.

Seçkiləri 2 mindən çox müşahidəçi, o cümlədən ATƏT və bəzi digər təşkilatların nümayəndələri, habelə xarici diplomatlar müşahidə edəcək.

Səsvermənin gedişini müşahidə etmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti də dəvət olunub. Nümayəndə heyətinə MSK sədrinin müavini Rövzət Qasımov və katibliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli daxildir. Səfər çərçivəsində Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman və digər rəsmi şəxslərlə görüşlər, habelə idarələrarası əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi imkanlarının müzakirəsi nəzərdə tutulub.

tag: Moldova,Seçki, Avropa İttifaqı,Maya Sandu,Todaypress.az,