Moldova müxalifəti Konstitusiya Məhkəməsinə müraciət etdi

Dünya

31.10.2024 15:00

Moldovada müxalifət partiyalarının “Qələbə” blokunun nümayəndələri Moldova Konstitusiya Məhkəməsinə (MK) Avropa İttifaqına üzvlüklə bağlı referendumun nəticələrinin tanınmaması ilə bağlı ərizə veriblər. 

TodayPress “First in Moldova” telekanalına istinadən xəbər verir ki, bu barədə Moldova parlamentinin üzvü Marina Tauber məlumat verib. 

Onun sözlərinə görə, polis müxalifət blokunun nümayəndə heyətinin Moldova Konstitusiya Məhkəməsinin binasına daxil olmasını qadağan edib.

“Biz respublika referendumunun nəticələrinin ləğvi ilə bağlı apellyasiya şikayəti vermək üçün Konstitusiya Məhkəməsinə gəldik, lakin polis qanuna zidd olaraq “Qələbə” blokunun nümayəndələrinin binaya daxil olmasına icazə vermədi” deyə Tauber bildirib.

Qeyd edək ki, oktyabrın 25-də Moldova Mərkəzi Seçki Komissiyası ölkənin Avropa İttifaqına daxil olması mümkünlüyü ilə bağlı referendumun nəticələrini təsdiqləyib. 

Moldovanın Avropa İttifaqına daxil olmasının lehinə 749 min 719 nəfər, əleyhinə 739 min 155 nəfər səs verib, 1 488 874 bülleten etibarlı sayılıb. Oktyabrın 21-də Moldova Mərkəzi Seçki Komissiyası elan edib ki, ölkə vətəndaşlarının 50,46%-i Avropa İttifaqına daxil olmaq siyasətinin ölkə konstitusiyasına daxil edilməsinin lehinə, 49,54%-i isə əleyhinə səs verib.

Günəş Mərd

tag: Moldova, Qələbə, MSK, Avropa,Konstitusiya, todaypress.az,