Mixeil Kavelaşvili Gürcüstanın Prezidenti vəzifəsinə başladı - YENİLƏNDİ

Dünya

29.12.2024 11:46

Mixeil Kavelaşvili parlament binasında Gürcüstan xalqı qarşısında and içərək ölkənin sayca altıncı prezidenti oldu.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

"Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini qoruyacağıma, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyimə, ölkəmin vətəndaşlarının təhlükəsizliyi və rifahının, xalqımın və Vətənimin dirçəlişi və qüdrətinin qayğısına qalacağıma and içirəm" o bildirib.

M.Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içəcək.

O, andını bu gün üçün xüsusi çap edilmiş Gürcüstan Konstitusiyası nüsxəsi üzərində söyləyib. Bu nüsxə sonradan parlament muzeyinə veriləcək və növbəti inauqurasiyalar üçün istifadə edilməsi planlaşdırılır.


***


11:00


Gürcüstanın altıncı prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilir.

TodayPress xəbər verir ki, saat 11:00-da başlayan mərasim parlamentin plenar zalında baş tutub.

Artıq Kavelaşvilini prezident seçmiş 300 seçicinin hamısına, o cümlədən deputatlara, Gürcü Pravoslav Kilsəsinin nümayəndələrinə, Konstitusiya və Ali Məhkəmələrin rəhbərlərinə, Mərkəzi Seçki Komissiyasına, Acarıstan hökumətinin başçısı Tornike Rijvadzeyə, hökumət üzvləri ilə yanaşı digər rəsmi şəxslərə dəvət göndərilib.

Xarici dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri andiçmə mərasimində iştirak etməyəcəklər. İnauqurasiyaya Kavelaşvili ailəsinin üzvləri dəvət olunub.

Bu günə qədər parlament Kavelaşvilinin and içəcəyi Gürcüstan Konstitusiyasının xüsusi nüsxəsini çap edib. Konstitusiyanın bu nüsxəsi Parlament Muzeyində saxlanılacaq. O, hər dəfə dövlət başçısının andiçmə mərasimində istifadə olunacaq. Bütün mərasimin 40 dəqiqə ilə 1 saat arasında davam edəcəyi gözlənilir.

Gürcüstan Konstitusiyasına görə, Kavelaşvili and içdikdən sonra o, öz hüquq və səlahiyyətlərini rəsmən qəbul edir. Bundan sonra ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin avtomatik olaraq səlahiyyətlərinə xitam verilir.

tag: Gürcüstan, Prezident ,Seçilmək, Səs, todaypress.az,