Misirdə 3400 illik qədim şəhər aşkar edildi
Misirin şimalında, İsgəndəriyyədən 43 kilometr qərbdə arxeoloqlar Yeni Krallıq dövrünə (e.ə. 1550–1070) aid olan və əvvəllər məlum olmayan qədim bir şəhərin xarabalıqlarını aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Live Science” və “Antiquity” jurnalı məlumat yayıb.
Bu ərazinin yalnız Ellinistik dövrdə, IV əsrin sonlarında yunanların gəlişi ilə məskunlaşdığı zənn edilirdi. Ancaq tapıntılar həmin bölgənin minilliklər əvvəl də yaşayış məskəni olduğunu sübut edir.
Şəhərin planlaşdırılması xüsusilə diqqət çəkir. Küçələr yağış sularının axıdılması və tikililərin eroziyadan qorunması üçün hazırlanıb. Bu, şəhərin genişmiqyaslı və mühəndis baxımından inkişaf etmiş olduğunu göstərir.
Qazıntılar zamanı II Ramzes tərəfindən inşa olunmuş məbəd, eləcə də hərbçilərin dəfn edildiyi yazılardan bəlli olan xatirə məbədləri aşkar edilib.
Arxeoloqlar ehtimal edir ki, bu, hərbi xarakterli şəhər olub və burada müdafiə divarları ilə yanaşı, inzibati binalar da yerləşib. Ən maraqlı tapıntılardan biri qədim bir küp üzərində aşkar edilmiş “Meritaton” möhürüdür.
Bu ad Ehnatonun – e.ə. 1349–1336-cı illərdə Misiri idarə etmiş fironun və onun məşhur həyat yoldaşı Nefertitinin qızına məxsusdur.
Ehnaton Misirdə dini islahatlara başlayaraq təkallahlı Aton dinini yaymağa çalışmışdı. Onun oğlu Tutankamon isə (e.ə. 1336–1327) sonradan ənənəvi politeist dinə qayıtmışdı.
Arxeoloqlar ehtimal edir ki, bu möhür şəhərin ətrafında kral ailəsinə məxsus üzüm bağlarında şərab istehsalının aparıldığını göstərir.
Hərbçilərin bu bölgədə yerləşməsi isə həmin bağların mühafizə edildiyini göstərir. Tapılan məbədin mövcudluğu isə şəhərin strateji və mədəni əhəmiyyətini təsdiqləyir.
Hazırda qazıntılar davam edir və araşdırmalar şəhərin ölçülərini, yaranma tarixini və qədim misirlilərin bu şəhəri nə adlandırdıqlarını üzə çıxara bilər.
Qiymət Mahir
tag: Misir,Qədim,Şəhər,Kəşf,Todaypress.az,