Mirzoyan: "İrəvan Azərbaycanla bir ay ərzində saziş bağlamağa hazırdır"
Dünya
20.06.2024 20:02
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Litvanın xarici işlər naziri Qabrielius Landsberqislə görüşdə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya məsələsini müzakirə edib.
TodayPress Sputnik Ermənistan-a istinadla xəbər verir ki, Vilnüsdə litvalı həmkarı ilə görüşən Mirzoyan Cənubi Qafqaz və onun hüdudlarından kənarda faydalı ola biləcək mühüm kommunikasiyaların və “dünyanın kəsişməsi” layihəsinin açılması məsələlərini müzakirə edib.
Mirzoyan görüşdə həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərinə toxunaraq Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında delimitasiyaya başladığını bildirib.
Nazir əlavə edib ki, ölkələrin ərazi bütövlüyünün qarşılıqlı təsdiqi ilə bu prosesin davam etdirilməsini təmin etmək çox vacibdir.
Ermənistan Xarici İşlər Nazirliyi sülh müqaviləsi üçün göndərilən təkliflərə Bakıdan hələ ki, cavab almadıqlarını vuröulayıb:
“İrəvan Azərbaycan tərəfinə konstruktiv təkliflər göndərib və bir ay ərzində saziş bağlamağa hazırdır, lakin təəssüflər olsun ki, hələ də Bakıdan cavab almayıb” deyə nazir bildirib.
Mirzoyanın sözlərinə görə, gələcəkdə baş verə biləcək hərhansı bir təxribatın qarşısının alınması üçün sərhədlərin artıq aydınlaşdırılması vacibdir.
GÜNEL
tag: Ararat Mirzoyan, Ermənistan Xarici İşlər Nazirliyi, Vilnüs, Alma-Ata Bəyannəməsi, todaypress.az,