Məhkəmə Maska 24 saat vaxt verdi

Dünya

29.08.2024 08:51

Braziliya Federal Ali Məhkəməsinin hakimi Alexandri de Morais "X" sosial şəbəkəsinin sahibi İlon Maska 24 saat ərzində platformanın ölkəyə yeni qanuni nümayəndəsinin təyin edilməsi barədə çağırış vərəqəsi göndərib. 

TodayPress xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat verilib. 

Sərəncama əməl edilmədiyi təqdirdə sosial şəbəkənin Braziliyada fəaliyyəti dayandırılacaq.

Məhkəmə aydınlaşdırıb ki, İlon Mask Cənubi Amerika ölkəsində ədalət mühakiməsinə maneçilik, cinayət təşkilatı və cinayətə təhrik ilə bağlı 4957 iddialı cinayətlə əlaqədar istintaqa cəlb olunub.

Qeyd edək ki, aqustun 17-də "X" sosial şəbəkəsi Braziliyada öz işini təcili dayandırdığını elan edib. Bu qərar senzura məsələləri ilə bağlı ölkənin Ali Məhkəməsinin hakimləri ilə Mask arasında yaranan münaqişənin nəticəsində qəbul edilib. 

Belə ki, İlon Mask daha əvvəl Braziliya Ali Məhkəməsinin hakimini davamlı olaraq Braziliya konstitusiyasını pozmaqda ittiham edib və sosial şəbəkədən materialların silinməsi ilə bağlı tələblərini dərc edəcəyinə söz verib. Bu ittihamlara cavab olaraq məhkəmə Maska qarşı istintaqın aparılmasına göstəriş verib. "X" rəhbərliyinin dediyinə görə, hakim qanuni nümayəndələrini senzura məsələləri ilə bağlı verdiyi qərarlara əməl etmədikləri təqdirdə həbslə hədələyib. İşçilərinin təhlükəsizliyini təmin etmək üçün şirkət Braziliyadakı fəaliyyətini dərhal dayandırmaq qərarına gəlib.

Günəş Mərd

tag: Mask, Braziliya, Məhkəmə, Rəhbərlik, Ali Məhəkəmə, todaypress.az,