“McDonald's”dakı zəhərlənmənin səbəbi məlum oldu
Dünya
31.10.2024 12:10
ABŞ-nin səhiyyə rəsmiləri 90 nəfərin zəhərlənməsinə səbəb olan “E. coli” epidemiyasının mənbəyinin “McDonald's” restoranlarında istifadə edilən doğranmış soğan olduğunu açıqlayıb.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) "McDonald's Quarter Pounder” məlumat yayıb.
Qeyd olunub ki, bu epidemiyanın mənbəyi bəzi menyularda istifadə edilən təzə doğranmış soğandır.
Sözügedən soğanların Amerikada yerləşən meyvə və tərəvəz şirkəti “Taylor Farms” tərəfindən tədarük edildiyi bildirilib. Hadisədən sonra bütün məhsullar geri qaytarılıb.
Qeyd edək ki, “E. coli” epidemiya səbəbiylə ABŞ-nin 12 ştatında restoranlarda 90 nəfər zəhərlənib. Onlardan 27 nəfər xəstəxanaya yerləşdirilib, bir yaşlı şəxs isə dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, “E. coli” bakteriyası üç-dörd gün davam edə bilən mədə krampları, ishal və qusmaya səbəb olur. Əksər insanlar müalicəyə ehtiyac duymadan sağalsalar da, bəzi xəstələrdə ağırlaşmalar yarana bilər.
Günəş Mərd
tag: McDonald's, Zəhərlənmə, Amerika,İnsanlar, Restoran, todaypress.az,