Makron Moldovadakı seçkilərə müdaxilə etməyə çalışır

Dünya

02.11.2024 10:00

Fransa prezidenti Emmanuel Makronun Moldovada keçirilən seçkilərin ikinci turu öncəsi adı çəkilən ölkənin vətəndaşlarına müraciət etməsi Avropanın Moldovanın işlərinə müdaxiləsini sübut edir. 

TodayPress xəbər verir ki, bunu Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində bildirib.

Qeyd edək ki, ötən gün Makron Moldova vətəndaşlarına müraciət edib. Fransa lideri prezident seçkilərinin ikinci turunu təkcə Moldova üçün deyil, həm də Avropa üçün həlledici məqam adlandırıb, həmçinin ölkə xalqına cəsarət və ümid arzulayıb.

“Makron açıq və rəsmi şəkildə moldovalıları bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turunda Avropayönlü namizəd Maya Sanduya səs verməyə çağırıb” deyə Filippo bildirib.

Siyasətçi qeyd edib ki, Avropa Rusiya Federasiyasını mütəmadi olaraq özünün etdiyi işdə əsassız olaraq ittiham edir. Korrupsiya və saxtakarlıq yolu ilə seçkilərə sistemli şəkildə müdaxilə edən məhz Avropa siyasətçiləridir.

Bundan əvvəl isə Moldova hüquq-mühafizə orqanlarının ölkənin 13 regionunda seçki korrupsiyası işi ilə bağlı axtarışlar apardığı barədə məlumat yayılmışdı. Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışlar seçicilərin qanunsuz maliyyələşdirilməsi və rüşvətxorluq faktları üzrə aparılır.

Xatırladaq ki, oktyabrın 21-də Moldovada keçirilən prezident seçkilərində səslərin hesablanması başa çatıb. Birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməyib və bu səbəbdən noyabrın 3-də səsvermənin ikinci turu keçiriləcək. Rəqiblər hazırkı prezident Maya Sandu və Moldovanın keçmiş baş prokuroru, Qaqauziya əsilli, Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqlodur.

Töhfə Səməd

tag: Moldova, Makron, Maya Sandu, Fransa, Seçki, todaypress.az,