London Britaniya diplomatlarının qovulmasını əsassız adlandırdı
Dünya
13.09.2024 16:39
“Rusiya hakimiyyətinin casusluq iddiaları fonunda 6 britaniyalı diplomatı Moskvadan qovmaq qərarının heç bir əsası yoxdur”.
TodayPress xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarımıza qarşı irəli sürdüyü ittihamlar tamamilə əsassızdır. Hökumət 6 britaniyalı diplomatın Rusiyadakı diplomatik akkreditasiyasını ləğv edib. Buna səbəb isə Rusiyanın Avropadakı fəaliyyətinə cavab olaraq Böyük Britaniya hakimiyyətinin atdığı addımlardır. Biz milli maraqlarımızı qoruduğumuz üçün üzr istəmək niyyətində deyilik” deyə XİN bildirib.
Bundan əvvəl Rusiya xüsusi xidmət orqanlarının anonim nümayəndəsi “Rossiya-24” telekanalında deyib ki, Rusiyada Britaniya tərəfindən həyata keçirilən casusluq aktlarına tolerantlıq olmadığı üçün 6 britaniyalı diplomat ölkədən çıxarılıb.
Xatırladaq ki, mayın 8-də Britaniya hökuməti “elan edilməmiş hərbi kəşfiyyat zabiti” olduğu iddia edilən Rusiya hərbi attaşesinin ölkədən çıxarılmasını elan edib. Bundan əlavə, ruslar üçün diplomatik vizaların alınması qaydalarının sərtləşdiriləcəyi və Böyük Britaniyada Rusiyaya məxsus bir neçə daşınmaz əmlakın, o cümlədən ticarət missiyasının binası və hərbi attaşenin ofisindən diplomatik statusun götürüləcəyi açıqlanıb.
Töhfə Səməd
tag: Rusiya, Böyük Britaniya ,Hərbi Atteşe ,Ticarət ,Diplomat, todaypress.az,