Leyboristlər Mühafizəkarlara qarşı: Britaniyada parlament seçkilərinə start verildi

Dünya

04.07.2024 13:11

Böyük Britaniyada parlament seçkiləri başlayıb.   

TodayPress “Sky News”a istinadən xəbər verir ki, bütün ölkə üzrə seçki məntəqələri yerli vaxtla səhər saat 07:00-da açılıb. 

Böyük Britaniyada 40 minə yaxın seçki məntəqəsi var və 46 milyon insan səsvermə hüququna malikdir. 

Səsvermə çərçivəsində Britaniya parlamentinin İcmalar Palatasında 650 yer bölüşdürüləcək. Ən azı 326 yerin əksəriyyətini qazanan partiya hökuməti formalaşdıracaq. Əgər heç bir partiya səs çoxluğu əldə edə bilməsə, mövcud Baş nazir (Rişi Sunak) koalisiya hökuməti qurmaq üçün ilk fürsəti əldə edəcək.  

Seçkilərdə müxalif Leyboristlər üstünlük qazansalar, Mühafizəkarların 14 illik hakimiyyətinə son qoymuş olacaqlar. 

Qeyd edək ki, Böyük Britaniyada seçkilər adətən dörd-beş ildən bir keçirilir. Seçkilərin 2025-ci ilin yanvarında keçirilməsi gözlənilsə də, Baş nazir Rişi Sunak daha tez seçkiyə getməyə qərar verib.  

Günəş Mərd

tag: Britaniya, Baş Nazir, Səsvermə, Parlament, Hakimiyyət, todaypress.az,