Lavrov: "Rusiya Ermənistan-Azərbaycan münasibətlərində tərəf tutmur"
Dünya
21.01.2025 16:35
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində heç kəsin tərəfini tutmur.
TodayPress xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Rusiya olduqca aktual məsələlərlə, İrəvan-Bakı münasibətlərinin normallaşması məsələsi ilə məşğul olur:
"Biz qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasında dərindən maraqlıyıq. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz var".
Lavrov bəyan edib ki, Cənubi Qafqazdan uzaqda yerləşən ölkələrdən fərqli olaraq, Rusiya regionda gərginliyin azalmasının tərəfdarıdır. Rusiya İrəvan və Bakının razılığı ilə əldə olunan razılaşmaları rəhbər tutaraq hərəkət edir:
"Bura sülh müqaviləsi, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri aiddir. Biz İrəvan və Bakı tərəfindən tələb olunan səviyyədə, nə az, nə çox, bu işdə iştirak edirik” deyə Rusiya XİN başçısı diqqətə çatdırıb.
tag: Rusiya,XİN,Bakı,İrəvan,Todaypress.az,