Kreml Qərbin “perspektivsiz mövqe”ni qınadı - “Real təkliflər gözləyirik”
“Kreml Ukrayna ilə bağlı dialoqa açıqdır. Biz müsbət tərəfi Qərbin təmaslara hazır olduğunu nümayiş etdirməyə başlamasında görürük”.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Berlin, digər Avropa paytaxları, xüsusilə də Vaşinqtondan hələlik praktiki addımlar yoxdur.
O, Ukraynadakı vəziyyətlə bağlı Avropa ritorikasının dəyişməsini və Almaniya kansleri Olaf Şoltsun Rusiya lideri Vladimir Putinlə nizamlanma yollarını müzakirə etməyə hazır olması barədə sözlərini belə şərh edib.
“Bunlar çox vacib addımlardır, çünki Almaniya son vaxtlara qədər Putinlə hər hansı əlaqəni tamamilə istisna edən kollektiv Qərb ölkələri arasında idi. Digər Qərb ölkələrinin Rusiya prezidenti ilə dialoqdan imtinası “perspektivsiz mövqe”dir. Şoltsun indiki dialoqa hazır olması alqışlanmalı addımdır. Bu bəyannamələrin hər hansı bir real hazırlıqla dəstəklənib-dəstəklənməyəcəyini, hər hansı təşəbbüsün bundan sonra baş tutacağını zaman göstərəcək. Hələlik nə Almaniya, nə ABŞ, nə də digər Qərb ölkələrindən Putinlə təmasların təşkili ilə bağlı real təkliflər olmayıb”.
Peskov bildirib ki, aydın məsələdir ki, dialoq heç vaxt sadə proses olmayacaq. Amma bu və ya digər şəkildə istənilən müharibə danışıqlar masası arxasında bitir, sülhlə başa çatır. Rusiya üçün münaqişənin həllində ən vacib məsələsi isə təhlükəsizliyini təmin etməkdir.
Töhfə Səməd
tag: Peskov, Rusiya, Şolts, ABŞ, Qərb, todaypres.az,