Kanada qazlara qarşı "müharibə"yə hazırlaşır
Kanadanın Milli Müdafiə Departamenti, zabit və mülki işçilər üçün qazlarla bağlı təhlükəsizlik təlimatı hazırlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Ottawa Citizen" məlumat yayıb.
Belə ki, bir neçə il əvvəl qazlar, Ottavanın Karlinq prospektində yerləşən Müdafiə Nazirliyi kompleksinin ərazisində yuva qurmağa başlayıblar. Martdan may ayına qədər davam edən bu mövsümdə quşlar olduqca aqressiv davranış sərgiləyir. Qarşıdurmaların və xoşagəlməz halların qarşısını almaq məqsədilə departament xüsusi fəaliyyət planı hazırlayıb.
Təlimatda hərbçilərə və mülki şəxslərə qazlara yem verməmək və onlara toxunmamağa dair xəbərdarlıq edilib. Çünki bu cür davranışlar quşların daha da aqressivləşməsinə səbəb ola bilər. Əgər işçilər aqressiv qazla qarşılaşarsa, onlara sakit qalmaq və panikaya düşməmək tövsiyə olunub.
Həmçinin təlimatda qazla qarşılaşdıqda quşla göz təmasını saxlayaraq yavaş-yavaş uzaqlaşmaq məsləhət görülür.
Bu qərar, Kanada ordusunun təbiətlə harmoniyada fəaliyyətini davam etdirməsi və təhlükəsizlik risklərini minimuma endirməsi məqsədi daşıyır.
Türkan İsgəndərli
tag: Kanada,Qaz,Müharibə,Quş,todaypress.az,