İyulun 14-də keçirilən qəbul imtahanının nəticəsi elan olundu
Dünya
26.07.2024 23:15
Dövlət İmtahan Mərkəzi I və IV
ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini
seçənlər üçün coğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbul
imtahanının nəticəsini elan edib.
TodayPress xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticəsi
haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel)
vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə
də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə
təsdiq etmiş 27929 abituriyentdən (I qrup üzrə 22889 nəfər, IV qrup üzrə 5040 nəfər)
767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə
imtahandan xaric olunub və nəticələri ləğv edilib.
III qrup üzrə DT və TC
altqruplarının hər ikisini seçən 5156 abituriyentdən 1576 nəfər coğrafiya fənni
üzrə imtahana gəlməyib.
Bu imtahanda I ixtisas qrupu
üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü
gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin
məzunu Məmmədli Əli Faiq oğlu göstərib. Hər iki mərhələnin cəminə görə I
ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 697 bal toplayan Bakı şəhər 57 saylı
orta məktəbin məzunu Əlizadə Rəbiyyə Həsən qızı göstərib. O, imtahanın birinci
mərhələsində 300, ikinci mərhələsində isə 397 bal toplayıb.
Bu imtahanda IV ixtisas qrupu
üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1
saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı
orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib. Hər iki mərhələnin cəminə
görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni də 697 bal toplayan Hüseynova
Nuray Emin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində
maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər
iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticəsi ilə bağlı
müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyul saat 10:00-dan 31
iyul saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni
doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan
keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla
bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab
edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı
halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi
aşağıdakı ardıcıllıqla aparılır:
• Apellyasiya Komissiyası tərəfindən
haqqında müraciət olunan bütün işlər araşdırılır;
• İmtahan iştirakçılarının
müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə
əlavə edilir;
• İmtahan iştirakçılarının
apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya
prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra abituriyentlər
apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi
ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun
olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən
səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda
iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına
müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə
bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq
tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən
imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən
15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru
cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya
müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip
müraciətlərə baxılmayacaq.
Diqqət!!!
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.
tag: DİM, İmtahan, Abituriyent, Hadisə, todaypress.az,