İtaliyada gizli məlumatların digər ölkələrin məxfi xidmətlərinə satıldığı iddia edilir

Dünya

01.11.2024 15:20

İtaliyada bəzi məşhur şirkətlər və şəxslər haqqında gizli məlumatların ödəniş qarşılığında digər ölkələrin məxfi xidmətlərinə göndərildiyi iddia olunur.

TodayPress xəbər verir ki, İtaliyada kibercasusluq qalmaqalı ilə bağlı aparılan istintaqın əks-sədaları davam edir. Milan prokurorluğunun apardığı istintaqda bir vaxtlar yüksək səviyyəli səlahiyyətlərinə görə “super polis” kimi tanınan keçmiş polis məmuru Karmin Qallo və Milan Sərgisi Fondunun prezidenti Enriko Pazzali əsas şübhəlilər sırasındadır. Onların kibercasusluq şəbəkəsi quraraq bəzi nazirliklərin və polisin serverlərinə sızmaqla məşhur şirkətlər və şəxslər haqqında əldə edilən gizli məlumatları “Equalize” şirkəti vasitəsilə milyonlarla avro müqabilində İsrail və Vatikan kimi digər ölkələrin məxfi xidmətlərinə satdığı iddia olunur. İstintaq çərçivəsində dindirilən şəxslər dövlətin məlumat bazasına daxil olaraq onlardan tələb edilən məlumatları Karmin Qalloya göndərdiklərini etiraf ediblər.

Yerli media kibercasusluq yolu ilə əldə edilən gizli məlumatların İtaliyanın “Eni”, “Mediolanum Bank” və “Barilla” kimi böyük şirkətlərə, həmçinin bəzi siyasətçilərə və məşhur idmançılara aid olduğunu yazır.

tag: İtaliya, Pazzali, Karmin Qallo, Polis, todaypress.az,