İtaliya "SpaceX"a etibar edəcək

Dünya

06.01.2025 14:56

İtaliya hakimiyyəti İlon Maskın "SpaceX" şirkəti ilə ölkə hökumətini təhlükəsiz rabitə ilə təmin etmək üçün müqavilə məsələsini müzakirə edir. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, müqavilə 5 il müddətinə bağlana bilər, təxmin edilən məbləğ 1,6 milyard dollardır. Yekun razılıq hələ əldə olunmayıb, lakin razılaşma artıq kəşfiyyat və İtaliya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.

İddia olunur ki, bu mövzuda danışıqlar əvvəllər də aparılıb, lakin son vaxtlara qədər danışıqlarda irəliləyiş olmayıb. İtaliyanın baş naziri Ciorcia Meloni yanvarın 4-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşündən sonra hər şey dəyişib.

Müqavilə İtaliya hökumətinin və hərbçilərinin şifrlənmiş telefon rabitəsi və internet bağlantıları ilə tam təmin olunmasını nəzərdə tutur. Xüsusilə, İtaliya hərbçiləri terror aktları və ya təbii fəlakətlər kimi fövqəladə hallar zamanı Aralıq dənizində "SpaceX" peyklərindən birbaşa bağlantılardan istifadə edə biləcəklər.

Töhfə Səməd

tag: İtaliya ,Hakimiyyət,İlon Mask,SpaceX,Starship,todaypress.az,