İsveçrə Aİ-nin müdafiə sahəsində əməkdaşlıq layihələrində iştirak edəcək

Dünya

21.08.2024 18:00

İsveçrə hökuməti Avropa İttifaqının (Aİ) PESCO (Daimi Strukturlaşdırılmış Əməkdaşlıq) adlı müdafiə layihələrindən ikisində iştirakını təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə İsveçrə hökumətinin rəsmi saytında məlumat verilib.

İsveçrənin Aİ ölkələri ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirmək üçün Hərbi Mobillik və Kiber Poliqonlar Federasiyasının layihələrinə qoşulacağı dəqiqləşib.

Konfederasiya hökumətinin məlumatına görə, Hərbi Mobillik layihəsi silahlı qüvvələrin Avropada hərəkətini sadələşdirməyə yönəlib və Niderland tərəfindən koordinasiya edilir. Burada 25 Aİ ölkəsi, həmçinin Kanada, ABŞ və Norveç iştirak edir. 

Kiber Poliqonlar Federasiyası layihəsinin əsas məqsədi kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və bu sahədə yeni texnologiyaların inkişafından ibarətdir. 

Hazırda Avstriya, Belçika, Bolqarıstan, İtaliya, Lüksemburq, Finlandiya, Fransa və Estoniya bu layihədə iştirak edir.

Xatırladaq ki, PESCO proqramı Aİ tərəfindən 2018-ci ildə yaradılıb. Burada prioritet istiqamətlərə hərbi mobillik səviyyəsinin artırılması və Aİ-nin hərbi nəqliyyat sisteminin inkişafı daxildir.

Töhfə Səməd

tag: İsveçrə, Aİ, İtaliya, Belçika, PESCO, Bolqarıstan, todaypress.az,