İsrail-İran qarşıdurması: ABŞ-siz müharibə planlaşdırılmır
İsrail rəhbərliyi ABŞ prezidenti Donald Trampın birbaşa təsdiqi və dəstəyi olmadan İranın nüvə infrastrukturuna zərbə endirməyə cəsarət etməyəcək.
TodayPress xəbər verir ki, bu barədə Britaniyanın "The Financial Times" (FT) qəzeti İsrail və ərəb diplomatlarının müsahibələrinə istinadən yazıb.
Onların fikrincə, İsrail Trampı “qəzəbləndirmək” istəmir, çünki onlar Ağ Evin dəstəyi olmadan hərbi əməliyyatlardan çəkinirlər.
Həmçinin Təl-Əviv tərəfi inanır ki, ABŞ-nin iştirakı olmadan İrana endiriləcək zərbələrin təsiri məhdud olacaq.
Eyni zamanda, hazırda Trampın özü İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün diplomatik yolların tapılmasına diqqət yetirir.
ABŞ prezidenti, nəşrin qeyd etdiyi kimi, Vaşinqtondan daha qəti və aqressiv hərəkətlər almağa çalışan İsrailin baş naziri Benyamin Netanyahunun təzyiqlərinə boyun əymir.
Qəzetin mənbələrinin məlumatına görə, Netanyahu hələ prezidentin andiçmə mərasimindən əvvəl Trampı İranın nüvə obyektlərinə hərbi zərbələr endirməyə dəstək verməyə inandırmağa çalışsa da, istənilən nəticəni əldə edə bilməyib.
Ümumiyyətlə, Tramp hakimiyyətə gəldikdən sonra Netanyahu Yaxın Şərqdə özünü daha inamlı və aqressiv aparmağa, Livan, Suriya və Qəzza zolağına aktiv zərbələr endirməyə başlayıb.
Bununla yanaşı, İsrail hökuməti Tramp administrasiyasının dəyişən mövqeyindən xəbərdardır, ona görə də diplomatlar onun ehtiyatlı davranacağına və İran cəbhəsində razılaşdırılmamış hərəkətlərlə Vaşinqtonu təhrik etməyəcəyinə inanırlar.
Töhfə Səməd
tag: İsrail,İran,ABŞ,Müharibə,Todaypress.az,