İsrail HƏMAS-la razılaşmanın ilk şərtlərini açıqladı

Dünya

13.08.2024 09:46

İsrail hakimiyyəti HƏMAS hərəkatından atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində Qəzza zolağında saxlanılan 20-35 girovu azad etməyi tələb etmək niyyətindədir.

TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu rəqəmi İsrailin müdafiə naziri Yoav Qalant Knessetdə (ölkə parlamenti) açıqlayıb. Hazırda HƏMAS-ın girov götürdüyü 115 nəfərdən 76-nın sağ qaldığı güman edilir. Sağ qalan bütün girovlar razılaşmanın ikinci mərhələsi çərçivəsində təhvil veriləcək. Lakin İsrail və HƏMAS daimi atəşkəs şərtləri barədə razılığa gəlməyincə bu baş tutmayacaq.

Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. 

Töhfə Səməd

tag: İsrail, HƏMAS, Yoav Qalant,Misir, Qətər, ABŞ, todaypress.az,