İspaniyada qəbiristanlıqlar yaşıl enerji mərkəzlərinə çevriləcək
Dünya
04.07.2024 07:35
İspaniyanın Valensiya şəhər qəbiristanlıqlarını
yaşıl enerji mərkəzlərinə çevirmək üçün iddialı planın bir hissəsi olaraq minlərlə
günəş paneli quraşdırılır.
TodayPress xəbər verir ki, “Requiem
in Power” (RIP) layihəsi təxminən 2,8 MVt elektrik enerjisi istehsal etmək
gücünə malik olacaq.
Layihənin təfərrüatlarını əks
etdirən Avropa İttifaqının məlumat hesabatına görə, Valensiyadakı qəbiristanlıqlardakı
kriptlərdə və digər strukturlarda təxminən 7000 fotovoltaik panel quraşdırılıb.
Bu ictimai yerlər təmiz enerji istehsalı üçün geniş yer təklif edir. İstehsal
olunan enerji həm kommunal xidmətlərdə, həm də şəhər sakinlərinin evlərində
istifadə olunacaq. Hesablamalara görə, RIP layihəsi tam fəaliyyətə başlayanda hər
il 140 tona qədər karbon emissiyasının qarşısını alacaq. Bu layihə Valensiya
2030 İqlim Məqsədi çərçivəsindədir.
Valensiya qəbiristanlıqlarında
günəş panelləri quraşdıran ilk yer deyil. Fransada bir kommuna 2021-ci ildə qəbiristanlığını
bərpa olunan enerji mərkəzinə çevirmək üçün layihəyə başlayıb.
Ölkənin qərbində yerləşən
Saint-Joachim gələn ilə qədər təxminən 3,3 milyon avro dəyərində 5000 panel
quraşdırmağı planlaşdırır. (azertag.az)
tag: İspaniya, Yaşıl enerji, Valensiya, Qəbirstanlıqlar, todaypress.az,