İspaniya turizmi məhdudlaşdırır
İspaniya bu il turizm siyasətində ciddi dəyişikliklərə gedir. Yeni qaydalarla turistlərin sayı azaldılacaq, bəzi bölgələrdə turizm rüsumları tətbiq olunacaq, digər yerlərdə isə qısa müddətli kirayə mənzillərin sayı kəskin azaldılacaq.
TodayPress xəbər verir ki, bu barədə “Express” məlumat yayıb.
Məqsəd turizmi daha dayanıqlı hala gətirmək və yerli əhalinin narazılığını azaltmaqdır. Dəyişikliklər bütün ölkəni bürüyən etirazlardan sonra baş verib. Yerli sakinlər turist axınının məhdudlaşdırılmasını tələb ediblər.
2025-ci ilin aprelindən etibarən yeni düzəlişə əsasən, ev sahibləri mənzillərini qısa müddətə icarəyə vermək üçün yerli sakinlərin 60%-nin razılığını almalıdırlar.
Bu tələb İspaniyanın Üfüqi Mülkiyyət Qanununa əsaslanır və Kanari adalarına da şamil edilir.
Razılıq alınmadığı halda qonşular icarə fəaliyyətinin dayandırılmasını tələb edə bilərlər. Məhdudiyyətlər bölgədən-bölgəyə dəyişir. Alicanteda artıq yanvar ayından etibarən 2 illik icarə qadağası qüvvədədir. Qanunsuz hesab edilən 3292 evin bağlanacağı gözlənilir.
İspaniyada ən çox turist qəbul edən Barselona şəhəri 2029-cu ilə qədər 10 000 turist mənzilini tamamilə qadağan etməyi planlaşdırır. Madriddə yeni icarə lisenziyalarının verilməsi 2025-ci ilə qədər dayandırılmışdı, hazırda tam qadağaya çevrilib.
İndi tarixi mərkəzdəki yaşayış binalarında turistik kirayə tamamilə qadağandır.
Malagada isə ən populyar 43 bölgədə yeni icarə lisenziyalarına 3 illik moratorium tətbiq olunur.
Rəsmilər bu müddətin uzadılacağını istisna etmir. İspaniya hökuməti bu tədbirlərin yerli əhalinin rifahını qorumaq və şəhərlərin turizmdən həddindən artıq yüklənməsinin qarşısını almaq üçün vacib olduğunu bildirir.
Qiymət Mahir
tag: İspaniya,Qərar,Turizm,Məhdud,Todaypress.az,