İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişinin tərkibi açıqlandı

Dünya

13.01.2025 12:59

“İki ölkə arasında müqəddimə və 47 maddədən ibarət hərtərəfli əməkdaşlıq sazişi ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir və onun hazırlanmasında tarazlıq və müstəqilliyin qorunması, ölkənin ərazi bütövlüyünə hörmət nəzərə alınıb”.

TodayPress xəbər verir ki, bunu "İRNA"ya müsahibəsində İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali bildirib. 

Onun sözlərinə görə, bundan əvvəl İran və Rusiya 2001-ci ildə İslami Şura Məclisində də təsdiq edilmiş hərtərəfli əməkdaşlıq sazişi imzalayıblar. Bu müqavilə 20 illik idi və 2021-ci ildə onun icra müddəti başa çatıb. 

“Bu müqavilədə 5 il üçün avtomatik yenilənmə prosesi nəzərdə tutulmuşdu. Lakin onun müddətinin son bitmə tarixinə qədər tərəflər öz nöqteyi-nəzərlərindən hər hansısa bir çıxış etmədiklərinə görə, avtomatik  bu müqavilənin müddəti 2026-cı ilə qədər uzadılıb” deyə o, əlavə edib.

Diplomat bildirib ki, bununla belə, iki ölkənin liderləri bu nəticəyə gəliblər ki, hazırkı saziş müasir deyil və bugünkü münasibətlərin məsələlərini əhatə edə bilmir. 24 il əvvəllə müqayisədə bu gün əlaqələr xeyli genişlənib. Ona görə də liderlərin razılığı ilə bu müqavilənin yenilənməsi qərara alınıb.

“Yeni müqavilənin hazırlanması üçün iki ölkənin xarici işlər nazirləri İran İslam Respublikasının layihəni hazırlaması barədə razılığa gəliblər. Biz layihəni hazırladıq və Rusiya tərəfinə verdik. Təxminən iki il yarım-üç il çəkdi, çoxlu səfərlər və görüşlər həyata keçirildi, bir çox düzəlişlər edildi, sonda razılaşma əldə olundu” deyə o nitqini sonlandırıb. 

Töhfə Səməd

tag: İran, Rusiya, Münasibət ,Lider, todaypress.az,