İran: Vaşinqtonun təzyiqinə rəğmən danışıqlara açığıq

Dünya

27.03.2025 18:45

1957

İranın Strateji Xarici Münasibətlər Şurasının rəhbəri Kamal Xarrazi ABŞ administrasiyasının mövcud yanaşmasından narazılığını ifadə etsə də, ölkəsinin dolayı diplomatik təmaslara açıq qaldığını bildirib.   

TodayPress xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

“Bu gün ABŞ administrasiyasının davranışında şahidi olduğumuz, əslində, psixoloji müharibədir. Vaşinqton rəsmiləri ziddiyyətli mesajlar verərək “ya müharibə, ya da danışıqlar” formatını irəli sürürlər” deyə Xarrazi qeyd edib. 

Onun sözlərinə görə, bu ziddiyyətli mesajlar, o cümlədən ABŞ prezidenti Donald Trampın İrana göndərdiyi son məktub ABŞ-nin daxildə çaşqınlıq və bölünmə yaratmaq strategiyasının tərkib hissəsidir.                   

Xarrazi Vaşinqtonun niyyətlərinin etibarlı olmadığını, danışıqlarda sabit prinsipial yanaşmanın olmadığını və keçmiş təcrübələrin ABŞ-yə etibar etməmək üçün əsas verdiyini vurğulayıb.  Buna baxmayaraq, o qeyd edib ki, Tehran dialoqun tamamilə bağlanmasını istəmir və dolayı formatda danışıqlar aparmaq imkanlarını dəyərləndirməyə hazırdır: 

“Biz qarşı tərəfin mövqeyini öyrənmək, öz şərtlərimizi təqdim etmək və adekvat qərarlar vermək üçün dolayı diplomatiyaya açıq qalırıq”.

Qiymət Mahir

tag: İran,ABŞ,Vaşinqton,Tehran,Todaypress.az,