İran israrlıdır: Nüvə silahına doğru daha bir addım atdı

Dünya

25.11.2024 16:32

“İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqaları istifadəyə verib. Bu isə nüvə silahının əldə edilməsi istiqamətində yeni imkanlar yaradır. Buna səbəb Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin iclasında İrana qarşı qəbul edilən qətnamədir”. 

TodayPress xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsəsdullazadə öz “Facebook” səhifəsində paylaşım edib. 

Onun sözlərinə görə, AEBA İranı agentliklə əməkdaşlıqdan yayındığına görə tənqid edən qətnamə qəbul edib: 

“Ötən həftə AEBA rəhbəri İranda oldu və danışıqlar apardı. Buna rəğmən İran uranın zənginləşdirilməsində  və nüvə silahı əldə etməkdə maraqlıdır. Bundan başqa, anti-İran mövqeyi ilə seçilən Donald Trampın prezident seçilməsi İranla altılıq ölkələri arasında mümkün danışıqlar prosesinin yenidən başlanmasının üstündən xətt çəkdi. Ümumiyyətlə, ABŞ-nin yeni administrasiyası İranla  bu kontekstdə heç bir danışıqlar aparmayacaq”. 

Analitikin qənaətincə, Vaşinqton İrana qarşı hərbi təzyiqləri artıra bilər. Ona görə də İran rəhbərliyi çəkindirici amil kimi nüvə silahının yaradılmasında maraqlıdır. Lakin bütün bu addımlar İrana qarşı sanksiyaların daha çox genişlənməsinə gətirib çıxaracaq.

Töhfə Səməd

tag: AEBA,Məhəmməd Əsəsdullazadə,Nüvə, Silah, Tramp, Prezident, todaypress.az,