İran AEBA-nı hədələdi

Dünya

14.05.2025 17:29

8

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Baş direktoru Rafael Qrossiyə rəsmi müraciət ünvanlayaraq, təşkilatın Tehrana qarşı qərəzli siyasətini davam etdirməsi halında ölkənin uranı silah səviyyəsinə, 93 faizədək zənginləşdirə biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress xəbər verir ki, bu barədə "İrna" məlumat yayıb.

Müraciətdə qeyd olunub ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin 4-cü maddəsinə əsasən, İran xalqının tədqiqat, inkişaf, istehsal və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ var. AEBA-nın zəmanətləri və nəzarəti altında həyata keçirilən nüvə proqramı çərçivəsində İranın bu sahədə fəaliyyətinə heç bir məhdudiyyət qoyula bilməz.

“Məhz bu prinsiplərə əsaslanaraq, İran İslam Respublikası öz elmi, tibbi və sənaye ehtiyaclarına uyğun olaraq uranı 93 faizədək zənginləşdirmək hüququna malikdir” deyə parlamentin müraciətində bildirilir.

İranlı deputatlar AEBA-nın İsrail və ABŞ kimi ölkələrin təsiri altına düşməməli olduğunu vurğulayırlar:

“Cənab Qrossi! AEBA İsrailin və dünya şər oxunun lideri ABŞ-nin alətinə çevrilməməlidir. İran xalqının beynəlxalq hüquqlara əsaslanan haqlarına qarşı növbəti hesabatda istənilən təhdid olarsa, İran xalqının ciddi reaksiyası ilə qarşılaşacaqsınız".

Məktubda əlavə olaraq qeyd olunur ki, AEBA Nizamnaməsinin 3 və 11-ci maddələrinə əsasən, dinc nüvə texnologiyalarının yayılması və bu sahədə texniki dəstək bütün üzv ölkələrə göstərilməlidir.

Töhfə Səməd

tag: İran ,AEBA,Tehran,Rafael Qrossi,ABŞ ,todaypress.az,