Hindistanda 30-dan çox hava limanı yenidən fəaliyyətə başladı
Hindistan hökuməti ölkənin şimal və qərb bölgələrində yerləşən və Pakistanla artan hərbi-siyasi gərginlik səbəbilə fəaliyyətini dayandıran 32 hava limanının yenidən açıldığını elan edib.
TodayPress xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Bildirilib ki, Hindistan Hava Limanları İdarəsi və müvafiq aviasiya qurumları tərəfindən pilotlara “uçuş bildirişi” (NOTAM) göndərilib. Bildirişə əsasən, müvəqqəti bağlanmış hava limanlarında vətəndaş reyslərinin yenidən icrasına icazə verilir.
Qərar Hindistan Hərbi Hava Qüvvələrinin birbaşa göstərişi əsasında qəbul edilib.
Qeyd edək ki, mayın 9-da Hindistan təhlükəsizlik səbəbilə Adhampur, Ambala, Hindon və Cammu hava limanları da daxil olmaqla 32 hava limanında fəaliyyətin müvəqqəti dayandırıldığını açıqlayıb.
Gərginlik isə mayın 10-na keçən gecə daha da artıb. Belə ki, Pakistan “Bunyan-um-Marsus” (ərəb dilindən tərcümədə “Möhkəm divar” mənasına gəlir) adlı hərbi əməliyyata başladığını elan edib. İslamabad bu əməliyyatın Hindistanın üç gün öncə Pakistan ərazisindəki “terror infrastrukturuna” qarşı keçirdiyi hava hücumlarına cavab olduğunu bildirib.
Pakistanın əməliyyatı zamanı Hindistanın Cammu və Kəşmir ştatındakı Udhampur və Pathankot hərbi bazaları, eləcə də Pəncab ştatındakı raket obyektləri hədəf alınıb. Bu qarşıdurma son onilliklərdə iki nüvə dövlətinin yaşadığı ən böyük hərbi eskalasiya kimi qiymətləndirilir.
Töhfə Səməd
tag: Hindistan ,NOTAM,Hava Limanı,Hindon ,Cammu ,todaypress.az,