Hindistan və Çin hərbi personalın sərhəd bölgəsindən çıxarılmasını sürətləndirəcək
Hindistan və Çin təcili olaraq
hərbi personalın sərhəd bölgəsindən çıxarılması üzərində işləmək barədə razılığa
gəliblər.
TodayPress xəbər verir ki, bu
barədə Hindistan Xarici İşlər Nazirliyinin Laosda ASEAN tədbirləri çərçivəsində
bu ölkənin xarici işlər naziri Subrahmanyam Caişankar ilə çinli həmkarı Van İ
arasında keçirilən görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, iki ölkənin
xarici işlər nazirləri arasında aparılan danışıqlarda əsas diqqət ikitərəfli
münasibətlərin sabitləşdirilməsi və bərpası üçün faktiki nəzarət xəttində qalan
məsələlərin tezliklə həllinin tapılmasına yönəlib.
Aydın olub ki, nazirlər qüvvələrin
tam çıxarılmasına tez bir zamanda nail olmaq üçün məqsədyönlü və təxirəsalınmaz
işlərin aparılmasının zəruriliyi barədə razılığa gəliblər.
“Sərhədlərdə sülh və əmin-amanlıq
ikitərəfli münasibətlərin normallaşması üçün vacibdir. Tərəflər iki ölkənin
hökumətləri arasında əldə olunmuş müvafiq ikitərəfli razılaşmalara,
protokollara və anlaşmalara tam əməl etməlidir” deyə məlumatda qeyd olunub.
tag: Hindistan, Çin, Hərbi, Sərhəd, todaypress.az,