Hava kirliliyi son 40 ildə 135 milyon insanın həyatına son qoydu
Dünya
14.06.2024 21:56
Bu günə qədər aparılan ən əhatəli araşdırma havanın çirklənməsinin son 40 ildə dünyada təxminən 135 milyon insanın zamansız ölümünə səbəb olduğunu ortaya çıxarıb.
TodayPress xəbər verir ki, 1980 və 2020-ci illər arasındakı statistikanı araşdıran tədqiqatçılar, havanın kirliliyinin milyonlarla insanın həyatını qısaltdığını söyləyib. Keçmişdə bir çox belə tədqiqatlar daha dar bir bölgə və ya dövrə yönəlmiş olsa da, Sinqapurun Nanyang Texnologiya Universiteti tərəfindən aparılan bu araşdırma bu günə qədər aparılan ən böyük tədqiqatlardan biri hesab olunur.
Tədqiqatçılar “El Nino” təbiət hadisələrinin və okean temperaturunun dəyişməsinin havanın çirklənməsinə daha çox təsir etdiyini aşkar ediblər.
Bu təbiət hadisələri durğun hava şəraitinə səbəb ola bilər, nəticədə ağciyərlərə nüfuz edə və hətta qan dövranına daxil ola bilən, astma, infarkt və bronxit kimi xroniki xəstəliklərə səbəb olan PM2.5 incə hissəciklərinin konsentrasiyasının artmasına səbəb ola bilər.
Tədqiqat zamanı hava şəraitinin dəyişməsinin vaxtından əvvəl ölümlərin sayında 14 faiz artım müşahidə edilib.
Tədqiqata rəhbərlik edən Nanyang Asiya Ətraf Mühit Məktəbinin dosenti Stiv Yim, "El Niño kimi müəyyən iqlim hadisələri baş verdikdə, çirklənmə səviyyəsi yüksələ bilər, yəni daha çox insan PM 2.5 çirklənməsi səbəbindən vaxtından əvvəl ölə bilər" deyə bildirib.
Qeyd olunub ki, PM 2.5 çirklənməsinə əsasən nəqliyyat vasitələrinin tullantıları, sənaye prosesləri, meşə yanğınları və toz fırtınaları səbəb olur.
Asiyada 98 milyondan çox insanın PM 2.5 çirklənməsi ilə əlaqəli erkən ölümə məruz qaldığı bildirilib. Mütəxəssislər bu cür ölüm hallarının əsas hissəsi Çin və Hindistanın payına düşdüyünü diqqətə çatıdırıblar.
Pakistan, Banqladeş, İndoneziya və Yaponiyada da iki milyondan 5 milyona qədər əhəmiyyətli sayda vaxtından əvvəl ölüm halları qeydə alınıb.
Tədqiqat zamanı PM 2.5 çirklənməsi səbəbilə baş verən erkən ölümlərin üçdə birinin insultdan, üçdə birinin ürək xəstəliklərindən, qalan hissəsinin isə ağciyərlə əlaqəli xəstəliklər və infeksiyalardan qaynaqlandığı təxmin edilib.
GÜNEL
tag: Hava kirliliyi, Asiya, Ümumdünya Səhiyyə Təşkilatı, Tədqiqat, todaypress.az,