Hakan Fidan: “Regional problemləri ən yaxşı o regionun dövlətləri başa düşür”
“Bu gün biz Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi məqsədi ilə “3+3” regional əməkdaşlıq platformasının 3-cü iclası üçün bir araya gəlmişik. Platformanın adının “3+3” olmasına baxmayaraq, hazırda qonşu ölkə Gürcüstan bu gün aramızda deyil”.
TodayPress bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XİN başçılarının "3+3" formatında keçirilən görüşünün açılışında çıxışı zamanı bildirib. O, vurğulayıb ki, bütün bunlara baxmayaraq, Gürcüstanın bu platformada həmişə yeri olacaq, onlar hər zaman qoşula bilərlər.
Hakan Fidan platformanın məqsədlərindən və görüləcək işlərdən də söz açıb:
“Bu əməkdaşlıq mexanizminin yaradılması ideyası üçtərəfli bəyanatın (Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da) qəbul edilməsindən bir neçə həftə sonra yaranıb. Bu platformanın məqsədi regional, o cümlədən Cənubi Qafqazın problemlərinin birgə həlli yollarının tapılmasını təmin etməkdir. Əziz dostlar, Yaxın Şərqdə yaranan təlatümlü proseslər, müharibələr regional səviyyədə dialoq və əməkdaşlığın vacibliyini bir daha ortaya qoyur. Bizim regional mülkiyyət anlayışımız Cənubi Qafqaza baxışımızın əsasında dayanır. Biz inanırıq ki, regional problemləri ən yaxşı o regionun dövlətləri başa düşür və həll etmək gücünə malikdir. Əslində, bu baxışın təzahürü kimi biz sonda görüşümüzün əsas yekunlarına dair birgə bəyannamə qəbul etməyi nəzərdə tuturuq”.
Töhfə Səməd
tag: Hakan Fidan, Azərbaycan, Türkiyə, Ermənistan, todaypress.az,