Gürcüstanda prezident seçkiləri keçiriləcək - Xalq yeni sistemə hazırdır?

Dünya

12.12.2024 14:39

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də ölkə parlamentində keçiriləcək. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Bildirilib ki, ilk dəfə olaraq dövlət başçısını Gürcüstan sakinləri deyil, müxtəlif orqanlardan olan deputatlardan ibarət seçki kollegiyası seçəcək.

2018-ci ilin dekabrında hazırkı prezident Salome Zurabişvilinin inauqurasiyasından sonra konstitusiyaya düzəlişlər qüvvəyə minib və Zurabişvili birbaşa xalq səsverməsi ilə seçilən sonuncu prezident olub. 2024-cü ildən etibarən dövlət başçıları 300 nəfərlik seçki kollegiyası tərəfindən beş il müddətinə seçiləcək. 

Gürcüstanın altıncı prezidenti postuna yeganə iddiaçı Mixail Kavelaşvilidir. Sabiq deputat, keçmiş futbolçunun namizədliyini hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası irəli sürüb. Müxalifət isə oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb, qanunverici orqanın iclaslarını boykot edib və namizəd irəli sürməyib.

1971-ci ilin iyulunda anadan olan Kavelaşvili siyasətə gəlməzdən əvvəl peşəkar futbolçu olub. Kavelaşvilinin ali təhsili yoxdur. Onun diplomunun olmaması müxalifətin istehza və tənqid obyektinə çevrilib.

Kavelaşvili 2016 və 2020-ci il seçkilərindən sonra mandat alaraq hakim partiyadan parlament üzvü kimi çalışıb. Son seçkilərdə o da “Gürcü Arzusu” partiyasının siyahısında yer alsa da, lakin prezidentliyə namizəd kimi təqdim edildikdən sonra deputat mandatından imtina etməli olub.

Ötən çağırışda parlamentdə o, “Gürcü arzusu”nun bütün təşəbbüslərini dəstəkləyən və 2023-cü ilin yazında xarici agentlər haqqında qanunun təşəbbüskarı olması ilə yadda qalan “Xalqın Gücü” siyasi qrupunu təmsil edib. Bu təşəbbüs bəzi ölkə sakinlərinin, o cümlədən müxalifətin hiddətinə səbəb olub. Bir neçə gün davam edən etirazlardan sonra qanun layihəsi geri götürülüb. Kavelaşvili parlamentdəki qızğın müzakirələr zamanı qanunun qəbul edilməsinin zəruriliyini müdafiə etməsi ilə ön planda olub.

Bəs Gürcüstanda növbəti seçkilər necə keçiriləcək?

Səsvermə Gürcüstan parlamentinin binasında saat 09:00-dan 14:00-dək (Bakı vaxtı ilə 09:00-14:00) keçiriləcək. Dövlət başçısı 300 seçicidən ibarət komissiya tərəfindən seçiləcək. Kollegiyaya Gürcüstan parlamentinin bütün 150 deputatı, Acarıstan Ali Şurasının 21 deputatı, Abxaziya Ali Şurasının 20 nümayəndəsi və ölkənin müxtəlif regionlarının bələdiyyə orqanlarının - rayon sakrebulosunun 109 deputatı daxil olacaq. Səsvermə parlamentin binasında baş tutsa da, seçkiləri respublikanın Mərkəzi Seçki Komissiyası keçirir. Səsvermənin açıq keçirilməsi konstitusiyaya görə nəzərdə tutulmayıb.

Abxaziya və Acarıstan, Gürcüstan Konstitusiyasına görə, muxtar respublikalardır və öz qanunvericilik və icra orqanlarına malikdirlər. Acarıstan Ali Şurası dörd ildən bir parlament seçkiləri ilə seçilir. Ölkə konstitusiyasına əsasən Gürcüstanın tərkibində olan, lakin Tbilisinin nəzarəti altında olmayan Abxaziya Ali Şurası 1991-ci ildə, gürcü-abxaz münaqişəsindən əvvəl seçilib. 30 il əvvəl seçilən deputatlar mühacirətdə fəaliyyət göstərən qurumun üzvü kimi fəaliyyətlərini davam etdirirlər. Bəziləri artıq həyatda deyil, qalan 20 nəfər isə Seçicilər Kollegiyasının bir hissəsi olacaq.

Seçkilərin baş tutmuş sayılması üçün seçkilərdə kollegiya üzvlərinin yarıdan çoxu iştirak etməlidir. Birinci turda namizədi seçmək üçün seçicilərin ən azı 2/3 səsi, yəni 200 səs lazımdır. Kollegiyada iştirak edən 150-dən çox deputat Mixail Kavelaşvilinin seçilməsinə faktiki zəmanət verən “Gürcü arzusu”nu təmsil edir.

Gürcüstanın altıncı prezidentinin andiçmə mərasimi dekabrın 29-da ölkə parlamentinin binasında keçiriləcək.

Töhfə Səməd

tag: Gürcüstan,Prezident,Seçki,Parlament,Xalq,Mixail Kavelaşvili,